“OPEC+” ölkələri ötən ilin may-dekabr aylarında razılaşmanı 99% yerinə yetirib
“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri ötən ilin may-dekabr aylarında neft hasilatının azaldılması üzrə planı 99% təmin ediblər.
Bu barədə “OPEC+”ın Texniki Komitəsinin materiallarında qeyd edilir.
Məlumata görə, may-dekabr aylarında OPEC ölkələri razılaşmanı 101%, təşkilata daxil olmayan ölkələr isə 96% yerinə yetiriblər.
Qeyd edilir ki, ötən ilin dekabrında neft hasilatının azaldılması üzrə razılaşma “OPEC+” ölkələri tərəfindən 99% yerinə yetirilib (OPEC ölkələri 103%, qeyri-OPEC ölkələri isə 93%). Beləliklə, bazardan gündəlik 7,7 mln. barel artıq neftin çıxarılması mümkün olub.
Xatırladaq ki, 2020-ci il 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edirdi. 2020-ci ilin 3 dekabr tarixində “OPEC+” nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının “OPEC+” ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq Azərbaycan tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, cari ilin yanvar ayında Azərbaycan üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib. 2021-ci ilin 5 yanvar tarixində “OPEC+” ölkələri nazirlərinin 13-cü iclasında isə gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. Beləliklə, yanvar, fevral və mart aylarında Azərbaycan gündəlik xam neft hasilatını 2020-ci ilin dekabr ayına nisbətən 8 min barel artıraraq hasilatı 595 min barel səviyyəsində saxlayacaq.