Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağacın əkilməsi aksiyası İspaniyada mükafata layiq görülüb
“LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisinin Madrid şəhərində yerləşən mənzil-qərargahında ətraf mühitin qorunmasına töhfə vermiş ölkələrin mükafatlandırılması mərasimi keçirilib.
“LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ildə Azərbaycanda elan olunmuş “Nəsimi ili” çərçivəsində bir gündə 650 min ağacın əkilməsi aksiyasını yüksək qiymətləndirərək, buna görə ölkəmizi mükafata layiq görüb. Təşkilatçılar Azərbaycan tərəfindən planetimizin yaşıllaşdırılmasına və karbon-dioksid qazının həcminin azaldılmasına verilən töhfəni təqdir ediblər.
Sözügedən mükafatı ölkəmiz adından qəbul edən səfir A.Məhərrəmov mükafata görə “LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisinin prezidenti Xayme de Xaraisə təşəkkür edib. O, respublikamızda ətraf mühitin, fauna və flora ehtiyatlarının qorunmasının əsas prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Tədbirin təşkilatçılarına və iştirakçılara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə bu sahədə həyata keçirilən layihə və aksiyalar barədə ətraflı məlumat verilib. Bu nəcib aksiyaların qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, ölkəmizdə, eyni zamanda, dünyada yaşıllığın artmasına verdiyi əhəmiyyətli töhfədən bəhs edilib.