Azərbaycanda ötən il inflyasiya 2,8% təşkil edib
2020-ci ildə istehlak qiymətləri indeksi 2019-cu ilə nisbətən 102,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105%, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 101% təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8%, əvvəlki ilin dekabr ayına nisbətən 102,6% təşkil edib.
2020-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8%, əvvəlki ilin dekabr ayına nisbətən 104,5% təşkil edib.
Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, qarabaşaq yarmasının, makaronun, spagettinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, xiyarın, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, kartofun, soğanın, sarımsağın, şəkərin, şəkər tozunun, meyvə şirəsinin, ucuzlaşma isə əsasən mal ətinin, dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, kivinin, şabalıdın, pomidorun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2020-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, əvvəlki ilin dekabr ayına nisbətən 101,2% təşkil edib. 2020-ci ilin dekabr ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0%, əvvəlki ilin dekabr ayına nisbətən 101,1% təşkil edib.