Hulusi Akar: “Haqlı mübarizəsində sona qədər Azərbaycanın yanındayıq”
“Şanlı ordumuz üç qitəyə sülh və ədalət gətirən atalarımızdan aldığı feyzlə dost, qardaş və məzlum ölkələrin sabitliyi və təhlükəsizliyi üçün də mübarizə aparmaqdadır”.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərinin anım günü ilə bağlı müraciətində bildirib.
Türkiyə nazir qeyd edib ki, Türkiyə ordusu BMT, NATO, ATƏT və ikitərəfli sazişlər çərçivəsində Azərbaycan, Liviya, Kosova, Əfqanıstan, Bosniya-Herseqovina, Qətər, Somali, Sudan və bir çox regionda dünyada sülhə töhfə vermək üçün üstün bir səylə xidmət aparmaqdadır.
“Bu səbəblə, Sarıqamış şəhidlərini yad etdiyimiz bu anlamlı gündə “Tək millət, iki dövlət” ifadəsinin seçkin nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqının Nargin adasında məcburi saxlanılan mehmetçiklərimizə etdiyi yardımları da minnətdarlıqla və şükranla anırıq. Bizlər də can qardaşlarımızın haqlı mübarizələrində sona qədər yanlarındayıq, azərbaycanlı qardaşlarımızla kədərdə və sevincdə bir və bərabərik”, – deyə H. Akar vurğulayıb.