1500 dollardan 800 dollara endirildi – GÖMRÜK GÜZƏŞTLƏRİ SƏRTLƏŞDİ
Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.
Qüvvədə olan Qaydalara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilərdi. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək.
Hazırda fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və (və ya) eynicinsli malı bu Qayda ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və (və ya) eynicinsli malı bu Qayda ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Artıq ən azı deyil, sadəcə, fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 ədəd eyni və (və ya) eynicinsli malı bu Qayda ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malik olacaq. Eyni zamanda fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən ediləcək və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydalarda nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödəniləcək.
Qüvvədə olan Qaydalara görə, Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. Dəyişikliyə əsasən, iki ildən az olmayaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət etmiş Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmayacaq. Gömrük ödənişləri tutulmayan avtonəqliyyat vasitələrinin göstərilən müddətdə özgəninkiləşdirilməsinə həmin avtonəqliyyat vasitələri üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərinin ödənilməsi şərtilə yol veriləcək.
Qeyd edək ki, fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin güzəştli və sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl kanal“ və “Qırmızı kanal“ buraxılış sistemləri tətbiq olunur. Şazırda “Qırmızı kanal“ buraxılış sistemi gömrük orqanlarına bu Qaydalarda göstərilən müəyyən mallara dair bəyannamə təqdim edilməklə, onların yazılı formada bəyan olunması üçün nəzərdə tutulur. Artıq “Qırmızı kanal“ buraxılış sistemi gömrük orqanlarına bu Qaydalarda göstərilən müəyyən mallara dair bəyannamə təqdim edilməklə, onların gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada bəyan olunması üçün nəzərdə tutulacaq.
Qüvvədə olan Qaydalara əsasən, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə, bəyannamə malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir. Bundan sonra fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə və həmin malın gömrük dəyəri bu Qaydalarda müəyyən edilmiş həddən artıq olduqda, alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən sadələşdirilmiş bəyannamə həmin mal gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya mal gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda veriəcək. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Mərkəzi Bank tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürüləcək.
Hazırda müşayiət olunmayan baqajdakı mallar onları keçirən fiziki şəxs və ya onun nümayəndəsi tərəfindən bəyan edilə bilər. Artıq müşayiət olunmayan baqajdakı mallar daşıyıcı şirkət, poçt rabitəsi operatoru tərəfindən də bəyan edilə biləcək.
Qüvvədə olan Qaydalara görə, müşayiət olunmayan baqajda yetkinlik yaşına çatmayan şəxsə aid olan mallar onun valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri, yaxud göstərilən şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa fiziki şəxslər tərəfindən bəyan edilir. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, fiziki şəxsin adına daşıyıcı şirkət vasitəsilə göndərilən malların və ya Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmayan beynəlxalq poçt göndərişlərinin gömrük dəyəri bu Qaydalarla müəyyən edilmiş həddən artıq olduqda, malların gömrük rəsmiləşdirilməsi alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən gömrük orqanına bəyannamə təqdim edilməklə həyata keçirilir.
Dəyişikliyə əsasən, müşayiət olunmayan baqajda gətirilən yetkinlik yaşına çatmayan şəxsə aid olan mallar üzrə gömrük rəsmiləşdirilməsi ilə bağlı münasibətlər həmin bəndlərin tələbinə uyğun olaraq, onun valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri, yaxud göstərilən şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa fiziki şəxslər tərəfindən həyata keçiriləcək. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, fiziki şəxsin adına daşıyıcı şirkət vasitəsilə göndərilən malların və ya Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmayan beynəlxalq poçt göndərişlərinin gömrük dəyəri bu Qaydalarla müəyyən edilmiş həddən çox olduqda, malların gömrük rəsmiləşdirilməsi alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən gömrük orqanına sadələşdirilmiş elektron bəyannamə təqdim edilməklə həyata keçiriləcək. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Mərkəzi Bank tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanacaq və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürüləcək.
İndiyə qədər təqdim olunan bəyannamə bəyannaməçi tərəfindən imzalanmalı və gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının məsul şəxsi tərəfindən şəxsi nömrəli möhürlə və imzası ilə təsdiq edilməli idi. Artıq təqdim olunan bəyannamə bəyannaməçi və ya bu Qaydalara əsasən səlahiyyəti olan digər şəxs tərəfindən imzalanmalı və gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının məsul şəxsi tərəfindən şəxsi nömrəli möhürlə və imzası ilə təsdiq edilməlidir.
“Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı” da genişləndirilib. 20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar və səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları bu siyahıya daxil edilib.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.