AMB sədri: “Post-pandemiya və post-neft dövrü qarşımızda yeni çağırışlar qoyub”
“Prezidentin də qeyd etdiyi kimi, Vətən müharibəsində qələbənin əsas şərtlərindən biri son 15 ildə iqtisadiyyatın gücləndirilməsi və bunun ordu quruculuğunda təmin edilməsi olub”.
Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Sədr bildirib ki, növbəti 5-10 il ərzində bizim üçün başlıca iqtisadi və sosial çağırışlar yüksək və dayanıqlı iqtisadiyyatın təmin edilməsi və ÜDM-in ikiqat artımının təmin olunmasıdır: “İkinci çağırış ortamüddətli dövrdə də makroiqtisadi sabitliyin qorunması və təmin olunmasıdır. Post-pandemiya və post-neft dövrü bizim qarşımızda yeni çağırışlar qoyub. Növbəti ildə büdcə xərclərinin 4%-ə qədər artması tam məntiqidir. Büdcə layihəsi azad olunmuş ərazilərdə bərpa işlərinin başlanmasını özündə ehtiva edir. Biz bunu uzun illər gözləmişik”.