Konstitusiya Məhkəməsi qərarını verdi!

Təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Beləliklə, blok edilmiş əmanətlər qaytarılacaqdır.

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Marja-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri E.Rüstəmovun, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru T.Piriyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun və mütəxəssis – Azərbaycan Banklar Assosiasiyasının prezidenti Z.Nuriyevin yazılı mülahizələrini, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Qeyd edək ki, bağlanan banklar fiziki şəxslərdən müddətli əmanət qəbulunun dayandırılması barədə rəsmi qurumların göstərişlərinə məhəl qoymamış və əmanət qəbulunu davam etdirmişlər. Əmanətlərin Sığortalanması Fondu belə əmanətləri blok etmiş və kompensasiya ödənilmirdi. Konstitusiya Məhkəməsi Plenumunun qərarından sonra əmanətçilər pullarını ala biləcəklər.

XXX

Azərbaycan Respublikası adından “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

10 avqust 2020-ci il                     Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Mərkəzi Bankının sədri E.Rüstəmovun, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru T.Piriyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun və mütəxəssis Azərbaycan Banklar Assosiasiyasının prezidenti Z.Nuriyevin yazılı mülahizələrini, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək qorunan əmanətlərin cəlb olunma tarixlərinin dəyişdirilməsi yolu ilə qorunmayan əmanət (depozit) statusuna aid edilmiş əmanətlərin və Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) tərəfindən təshih tədbirinin tətbiqindən sonra fiziki şəxslərdən müddətli əmanətlərin qəbulunun qadağan edildiyi dövrdə qəbul olunmuş, həmçinin qorunan əmanətlərin həcminin artımı, habelə mövcud əmanətlərin (depozitlərin) şərtlərinin dəyişdirilməsinə dair əməliyyatların həyata keçirilməsi və ya əqdlərin bağlanması yolu ilə qorunan əmanət (depozit) statusuna aid edilmiş əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsinə münasibətdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmanətlərin sığortalanması haqqında” Qanun) 2.1.2.6-cı maddəsinin şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilir ki, Mərkəzi Bankın 2020-ci il 29 aprel tarixli məktubuna əsasən, “Atabank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Atabank” ASC), “NBCBank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “NBCBank” ASC) və “AGBank” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – “AGBank” ASC) sığorta hadisəsi baş vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 aprel tarixli qərarına əsasən “Atabank” ASC, “NBC Bank” ASC və “AGBank” ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) həmin bankların ləğvedicisi təyin edilmişdir.

“Atabank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyaların ödənilməsi məqsədilə bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrinin təhvil-təslimi zamanı müəyyən edilmişdir ki, 283 müştəri üzrə depozit dosyesi qorunan əmanət olduğu halda, səhvən qorunmayan əmanət kimi qeydə alınmışdır. Belə ki, “Atabank” ASC-nin filiallarının miqrasiya olunması zamanı əmanət müqavilələrində qeyd olunan tarixlər əvəzinə səhvən miqrasiya olunduğu tarixlər əks edilmişdir. Bununla da həmin əmanətlər “ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında olan öhdəliklərinin uçotunun reyestrində” qorunmayan əmanət kimi əks olunmuşdur.

Sorğuverən, həmçinin qeyd edir ki, “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də qeyd olunan təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, banklar tərəfindən fiziki şəxslərdən müddətli əmanətlərin qəbulunun qadağan edildiyi dövrdə əmanətlər qəbul olunmuş, həmçinin qorunan əmanətlərin həcminin artımı, habelə mövcud əmanətlərin (depozitlərin) şərtlərinin dəyişdirilməsinə dair əməliyyatların həyata keçirilməsi və ya əqdlərin bağlanması yolu ilə onların qorunan əmanət (depozit) statusuna aid edilməsi halları müəyyən edilmişdir. Kompensasiyaların ödənilməsi məqsədilə Fonda təqdim edilən reyestr məlumatlarında təshih tədbirinin tətbiqindən sonra statusu dəyişdirilmiş həmin əmanətlər qorunan əmanət kimi göstərilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıları qeyd edir:

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin I hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın göstərilən maddəsindən çıxış edərək, sorğuda qaldırılan məsələnin tam və ətraflı araşdırılması üçün “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Banklar haqqında” Qanun) və “Əmanətlərin sığortalanması haqqında” Qanunun bəzi müddəalarına aydınlıq gətirilməsini məqsədə uyğun hesab edir.

Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Qanunverici bank əmanətlərinin qaytarılmasını təmin etmək məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanun qəbul etmişdir. Bank əmanətçilərinin hüquq və qanuni mənafelərini qorumaq, əhalinin əmanətlərinin bank sisteminə cəlb edilməsini stimullaşdırmaq, ona olan inamı möhkəmləndirmək, fiziki şəxslərin əmanətlərinin icbari sığortası sisteminin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır.

Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.

“Əmanətlərin sığortalanması haqqında” Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir.

Həmin Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Qanunun 8.1.20-ci maddəsində göstərilmişdir ki, Fondun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir.

“Banklar haqqında” Qanunun 47.1-ci maddəsinə uyğun olaraq, bank tərəfindən prudensial normativlərin və tələblərin pozulmasına, onun fəaliyyətinin bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələbləri pozulmaqla həyata keçirilməsinə, maliyyə bazarlarına nəzarət orqanının verdiyi lisenziyaya və icazəyə daxil edilmiş məhdudiyyətlərin pozulmasına yol verdiyini müəyyən etdikdə, yaxud bu cür pozuntulara səbəb ola biləcək əsaslar aşkar etdikdə pozuntunun xarakterindən asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının banka təsir tədbirlərini tətbiq etmək hüququ vardır.

Həmin Qanunun 47.4-cü maddəsinə görə, maliyyə bazarlarına nəzarət orqanının banka icrası məcburi olan sərəncamında bu Qanunun 48-ci maddəsində göstərilmiş təshih tədbirlərinin həyata keçirilməsi və çatışmazlıqların aradan qaldırılması müddətləri barədə banka yazılı göstəriş verilir. Bankın maliyyə vəziyyətinin sağlamlaşdırılmasına yönəldilən təshih tədbirləri tətbiq edildikdə, bank verilən sərəncama müvafiq olaraq tədbirin həyata keçirilməsi planını iki həftə müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.

Təshih anlayışı düzəliş aparmaq, düzəltmək mənalarını ehtiva edir. Təshih tədbiri bankın restrukturizasiyası və bərpasına yönələn tədbirlər paketi olmaqla onun tətbiqinin əsas məqsədi bankların maliyyə vəziyyətinin sağlamlaşdırılması və yaxşılaşdırılmasıdır. Belə ki, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən banklara tətbiq edilən təshih tədbirləri banklarda pul və maliyyə sabitliyinin saxlanması, bank sisteminin səmərəliliyinin təmin olunması, əmanətçilərin maraqlarının müdafiəsi kimi əsas məqsədlərin həyata keçirilməsinə istiqamətlənir.

“Banklar haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən, maliyyə bazarına nəzarət orqanı buna nail olmaq üçün banka bəzi təshih tədbirlərini tətbiq edə bilər:

– banka aidiyyəti olan şəxslərlə bank əməliyyatlarının həyata keçirilməsi və əqdlərin bağlanması;

– depozitlərin qəbul edilməsi;

– maliyyə güzəştlərinin verilməsi və s.

Bununla yanaşı, qeyd olunmalıdır ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 13.2-ci, 14.3-cü, 21.4.4-cü, 21.6-cı, 22.3.2-ci, 27.13-cü və 30.2-ci maddələrində də maliyyə bazarlarına nəzarət orqanının iştirakçı bankın əmanətləri cəlb etmək hüququnun dayandırılması səlahiyyəti öz əksini tapmışdır. Burada qanunvericinin əsas məqsədi bankın özünə yeni öhdəliklər yaratmaması və ya mövcud öhdəliklərin həcminin artırılmamasıdır.

Qanunvericiliyin tələbinə görə, maliyyə bazarlarına nəzarət orqanının banka tətbiq etdiyi təshih tədbiri ilə öz funksiyası bitmiş sayılmamalı və bu tədbirlərə bank tərəfindən əməl olunmasına da nəzarəti həyata keçirməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” 2018-ci il 5 sentyabr tarixli Qərarında da qeyd etmişdir ki, “Banklar haqqında” Qanunun 43-cü maddəsinə görə, banklar bank fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən hesabatları, o cümlədən illik maliyyə hesabatları tərtib etməli, Palataya və Mərkəzi Banka təqdim etməlidirlər. Həmin Qanunun 44-cü maddəsinə müvafiq olaraq, bankın maliyyə fəaliyyəti hər il kənar auditor tərəfindən yoxlanılmalıdır. Kənar auditor, həmçinin bankın maliyyə hesabatının onun maliyyə vəziyyəti haqqında tam və obyektiv təsəvvür yaradıb-yaratmaması barədə hesabat və rəy hazırlayır, inzibatçının və ya hər hansı əməkdaşın banka mühüm zərər vuran və ona məlum olan qanunsuz hərəkətləri barədə, habelə idarəetmədə və ya cari fəaliyyətində çatışmazlıqlar haqqında məlumat verir.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 21.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı iştirakçı banklar üzərində nəzarət funksiyalarını həyata keçirərkən onların Fonda ödədikləri sığorta haqlarının hesablanması, əmanətçilərin ümumiləşdirilmiş uçotunun aparılması vəziyyətini yoxlayır və iştirakçı bankların Fond qarşısında bu Qanunla müəyyən olunmuş öhdəliklərini yerinə yetirmədiklərini aşkar etdikdə, pozuntuların aradan qaldırılması və düzgün hesablanmamış sığorta haqlarının ödənilməsi barədə həmin banka göstəriş verərək bu haqda Fonda məlumat verir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, banklara qarşı tətbiq edilən təshih tədbirləri ictimaiyyətin nəzərinə çatdırılmalı və əmanətçilər həmin tədbirlər barədə məlumatı əldə etmək imkanına malik olmalıdırlar.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı iştirakçı bankın fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnu dayandırdıqda müvafiq qərarın qəbul edildiyi gündən sonrakı iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində bu barədə elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

Mülki qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, banklar tərəfindən “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələrinin tələbləri pozularaq təshih tədbirlərinə riayət edilməməsi nəticəsində fiziki şəxslərdən banklara və ya bankın filiallarına təqdim edilmiş əmanətləri qəbul etməkdə davam etməsi halı son nəticədə vicdanlı əmanətçilərin Konstitusiya və qanunlarla qorunan maraqlarına və hüquqi gözləntilərinə mənfi təsir göstərməməlidir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək hesab edir ki, hazırkı vəziyyətdə təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.

Sorğuda qaldırılan digər məsələ əmanət müqavilələrinin bağlanma tarixləri əvəzinə miqrasiya olunduğu tarixlərin əks etdirilməsi ilə bağlıdır.

Konstitusiya Məhkəməsinin Plenumu məsələ ilə bağlı qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

Mülki qanunvericiliyin təməl prinsiplərindən olan müqavilə azadlığı və onun əsasını təşkil edən tərəflərin hüquq bərabərliyi iqtisadi cəhətdən zəif olan tərəfə (əmanətçiyə) müəyyən təminatların verilməsini istisna etmir və müqavilə üzrə tərəflərin real hüquq bərabərliyini təmin etməyə şərait yaradır.

Bank və əmanətçilər arasında münasibətlər Mülki Məcəllənin 51-ci fəslinin normaları və “Banklar haqqında” Qanun ilə tənzimlənir.

Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin (Mülki Məcəllənin 946.1-ci maddəsi).

Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin düzgün tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

Bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və əmanətçinin qoyduğu əmanət üzrə faizləri əldə etmək hüququ yaranır. Bank depozit əməliyyatı üzrə faiz dərəcələrini müəyyən edir və faizin miqdarı, bir qayda olaraq, bank əmanəti müqaviləsində göstərilir. Belə ki, Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir.

Bank əmanəti müqaviləsi üzrə bankın əsas vəzifələrindən biri əmanətlərin qaytarılmasının təmin edilməsidir. Mülki Məcəllənin 950.1-ci maddəsinə görə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər.

Qeyd edilən normaların mənasından göründüyü kimi, əmanət müqaviləsinin bağlanması üçün həmin müqaviləni fiziki şəxslə bankın səlahiyyətli şəxsi (əgər bankın filialıdırsa, o zaman bankın verdiyi etibarnamə əsasında filial müdiri) tərəfindən imzalanması tələb olunur. Bankın səlahiyyətli şəxsləri tərəfindən əmanətin fiziki şəxsdən qəbul edilməsi barədə mədaxil qəbzinin tərtib edilərək, bankın müvafiq möhürü ilə təsdiq edildiyi andan bankın Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən əmanəti qaytarmaq öhdəliyi yaranmış olur.

Eyni zamanda, qeyd edilməlidir ki, müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlılığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

Fiziki şəxslərin banklara və ya bankın filialına təqdim etdiyi əmanətləri fiziki şəxsin adına açılmış hesaba yerləşdirmək, bankın avtomatlaşdırılmış bank informasiya sisteminə və bankın balansına salmaq fiziki şəxslərin deyil, bankın vəzifəsi olmuş, bankın öz vəzifəsini yerinə yetirməməsinə görə məsuliyyətin fiziki şəxslərin üzərinə qoyulması və əmanəti qaytarmaqdan imtina edilməsi əsassızdır.

Bankın və ya bank filialının vəzifəli şəxslərinin əmanəti qəbul edərkən bank qaydalarını pozması və öz səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində ilk əmanət müqaviləsinin tarixi əvəzinə miqrasiya (bank və ya başqa bank filialına köçürmə) tarixinin əsas götürülməsi, əmanətin bankın balansına mədaxil edilməməsi, əmanət müqaviləsində fiziki şəxsin bank hesabının qeyd edilməməsi, mədaxil qəbzində qeyd edilən bank hesabının başqa şəxsə aid olması kimi hallar isə bankın və ya bank filialının vəzifəli şəxslərinin öz vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini təsdiq edir və bu vəzifələrin icra edilməməsinə görə “Banklar haqqında” Qanunun 1.0.1-ci maddəsinin tələbinə uyğun olaraq bank məsuliyyət daşıyır.

Mülki Məcəllənin 945.2-ci maddəsinə əsasən, hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən əmanət müqaviləsinin bağlanması anı əmanətin miqrasiya olunduğu tarix hesab edilməməlidır.

Qeyd olunanlara əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

– Konstitusiyanın 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir;

– Mülki Məcəllənin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqaviləsinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilməməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı, 62-ci, 63-cü, 65-67-ci və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqaviləsinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *